“Şamaxı” FK ilə “Nobel İlaç” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
28 Yanvar 2025
“Şamaxı” Futbol Klubu ilə ölkəmizdə fəaliyyət göstərən Türkiyənin tanınan əczaçılıq şirkəti olan “Nobel İlaç” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Əməkdaşlıq, “IQ Sports Media və Marketinq Agentliyi”nin təşəbbüsü ilə ərsəyə gəlib. Agentlik hər iki tərəf arasında uğurlu danışıqların aparılmasını təmin edərək, bu layihəni reallaşdırıb.
Razılaşmaya əsasən şirkət 2025-ci il ərzində klubun dərman ehtiyaclarını qarşılayacaq. Bunun qarşılığında isə “Şamaxı” FK-nın əsas komandasının ev oyunları zamanı meydança kənarında yerləşən reklam lövhələrində şirkətin “Tylolhot” markasının əks olunduğu bannerlər yerləşdiriləcək. Həmçinin media zonada, kluba məxsus sosial media səhifələrində “Nobel İlaç”a məxsus məhsulların əmtəə nişanlarının yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək.
Qeyd edək ki, beynəlxalq səviyyədə fəaliyyət göstərən və geniş coğrafiyanı əhatə edən “Nobel İlaç” 1964-cü ildə yaradılıb. Şirkət əczaçılıq sənayesində 50 ölkəyə ixracatla Türkiyədə yeganə yerli dərman istehsalçısıdır. Beynəlxalq standartlara uyğun istehsal olunan təsirli və yüksək keyfiyyətli məhsulları ilə həyat keyfiyyətini artırmağı hədəfləyən şirkət 20-dən çox ölkədə öz nümayəndəliyi ilə fəaliyyətini davam etdirir. Peşəkar şəkildə təchiz edilmiş, 2500 nəfər işçisi olan böyük bir ailə olaraq Türkiyədə və xaricdə qlobal xidmət göstərir.