2018-ci ilin dekabr ayında “Target Center”də “Minnesota Timbervulvz” ilə “Hyuston Rokets” arasında keçirilən NBA oyununda iştirak etmək mənim üçün unudulmaz bir təcrübə oldu. Uşaqkən NBA oyunlarını televizorda izləmək üçün hər səhər erkən oyanırdım. O vaxtdan bəri canlı bir NBA oyununda iştirak etməyi, xüsusən də James Harden kimi basketbol əfsanəsinin oyunçunu canlı görməyi, onun oyunundan zövq almağı arzulayırdım.
O gün James Hardenin oyununu canlı izləmək həyatımın ən unudulmaz anlarından biri və uşaqlıq arzumun gərçəkləşməsi idi. O, parketdə inanılmaz bir performans göstərirdi. Hardenin qeyri-adi driblinqləri, "step-back" üçlükləri və məharətli hərəkətləri televiziya ekranından qat-qat təsiredici idi.
Oyun zamanı keçirilən yarımfasilə şouları və müxtəlif tədbirlər də çox maraqlı anlar idi. Arenada t-shirt satışları, oyunçulara aid poster və hədiyyələrin paylanması böyük coşğu ilə qarşılanırdı. Şoular azarkeşləri əyləndirir və onların özlərini oyunun bir hissəsi kimi hiss etmələrinə səbəb olurdu. Həmçinin canlı musiqi performansları və müxtəlif rəqs qruplarının çıxışları arenada əsl bayram əhvalı yaradırdı.
“Target Center” “Minnesota Timbervulvz”un ev oyunlarını keçirdiyi idman meydançasıdır və ABŞ-ın ən müasir idman arenalarından biridir. Bu məkan təkcə idman yarışları üçün deyil, həm də böyük musiqi konsertləri, əyləncə tədbirləri və sərgilər üçün geniş şəkildə istifadə olunur. Arenanın yaradılması və fəaliyyəti böyük miqdarda gəlir gətirir və Minneapolis şəhərinin iqtisadiyyatına əhəmiyyətli dərəcədə töhfə verir.
Arenada Beyons, Ed Şeran və Coldplay kimi dünya ulduzlarının konsertləri təşkil olunub. Bu tədbirlər yalnız şəhər sakinlərini deyil, həm də ətraf bölgələrdə yaşayanları və xarici qonaqları da cəlb edib.
Böyük və müasir arenalar təkcə idman hadisələri üçün deyil, həm də turizm, əyləncə və iqtisadi inkişaf üçün vacibdir. Onlar iş yerləri yaradır, şəhər sakinlərinə sosial-mədəni imkanlar təqdim edir və yerli iqtisadiyyatı canlandırır. “Target Center” kimi arenalar şəhərin qlobal səviyyədə tanınmasına da kömək edir.
Bu təcrübə mənim idmana və NBA-ya olan sevgimi daha da artırdı. James Hardeni canlı izləmək və “Target Center”də bir oyunun atmosferini hiss etmək mənim yaddaşımda əbədi yer tutacaq.
Müəllif,
Məhəmmədcamal Teymurlu