Artıq idman dünyasında yalnız ən yaxşılar deyil, həm də güclü şəxsi brendə sahib olan idmançılar qalib gəlir. Bu da onların cəmiyyətdəki davranışı, ünsiyyət bacarığı, ictimai obrazı və sosial mediadan düzgün istifadəsi ilə təyin olunur. Bu yazıda, idmançıların şəxsi brendini qurmağın onların karyerası və gələcəyi üçün nə qədər əhəmiyyətli olduğuna toxunacağıq.
1. Şəxsi brendləşmə nədir və niyə önəmlidir?
Şəxsi brendləşmə, bir insanın peşəkar və ya fərdi kimliyini formalaşdırmaq və cəmiyyətə tanıtmaq prosesidir. Siz bununla dəyərlərinizi, bacarıqlarınızı, biliklərinizi, unikal xüsusiyyətlərinizi insanlara nümayiş etdirirsiniz və siz başqalarının gözündə fərqlənən və tanınan bir obraz olursuz. Bu istiqamətdə də bir strategiya və fəaliyyət planı olmalıdır.
Şəxsi brend bu gün daha çox sosial media, peşəkar platformalar, ənənəvi media kanalları və digər vasitələrlə formalaşdırılır. Uğurlara imza atmış idmançılar da böyük izləyici auditoriyasına malik şəxlərdir və daima diqqət mərkəzindədirlər. Günümüzdə onlar şəxsi brendlərini yaratmaqla idmanda qazandıqları nailiyyətlərlə yanaşı, daima cəmiyyətin sevilən və seçilən üzvü olaraq markaların diqqəti cəlb edə billirlər.
- Sosial media və şəxsi brendləşmə
Bu gün sosial media şəxsi brendin yaradılması istiqamətində ən çox istifadə edilən kanaldır. İdmançıların sosial media üzərindən öz fəaliyyətlərini nümayiş etdirməsi, pərəstişkarları ilə əlaqə yaratmaları və cəmiyyətlə münasibətlərini gücləndirmələri üçün əvəzolunmaz vasitədir. Məsələn, Cristiano Ronaldo və Serena Williams kimi məşhur idmançılar sosial mediada yüksək fəallıqları ilə öz brendlərini daha da gücləndirirlər. Onların hər bir postu və paylaşımları şəxsi markalarının dəyərini artırır.
- İdmançı və brendlər arasında qarşılıqlı fayda
İdmançının güclü bir şəxsi brendləşməyə sahib olması, onlara yüksək ödənişli sponsorluqlar və kommersiya imkanları qazandırır. Ən yaxşı nümunə olaraq basketbol əfsanəsi Maykl Cordanın Nike ilə olan əməkdaşlığını çəkə bilərik. Onun “Air Jordan” markası yalnız idman ayaqqabıları ilə məhdudlaşmır, həm də dahi idmançının şəxsi imicini dünyaya daha da tanıdan simvola çevrilib.
2. Şəxsi brendin karyeraya təsiri
- Karyera dövrü və ondan sonra
Şəxsi brendlərini uğurlu quran idmançılar, peşəkar karyeralarını bitirdikdən sonra da bir çox imkanlar əldə edirlər. Misal üçün Devid Bekhem futbolçu karyerasını sona çatdırdığını elan etdikdən sonra idmanda qazandığı nüfuzu daha da inkişaf etdirərək, məşhur markaların reklam çəkilişlərində iştirak etmiş, onların rəsmi təmsilçisi olaraq milyonlar qazanmışdır.
- İctimai nüfuz
Şəxsi brendini formalaşdıran idmançılar, yalnız performansları ilə deyil, eyni zamanda onları sevən kütləylə əlaqələri ilə də seçilirlər. Bir idmançının sosial şəbəkələrdə azarkeşləri ilə əlaqə qurması, onların sorğularına cavab verməsi, özəl həyatını və məşqlərini paylaşması kütlə ilə olan bağını möhkəmləndirir və bu da onun marka dəyərinin artmasına səbəb olur. Misal üçün məşhur amerikalı basketbolçu Lebron Ceymsin icimai fəaliyyətləri, xüsusən də sosial ədalət mövzularında göstərdiyi mövqe ona azarkeşlik edən insanların qəlbində böyük iz buraxmış, cəmiyyət tərəfindən örnək idmaçı olaraq göstərilmişdir.
3. Şəxsi brendləşmənin iqtisadi əhəmiyyəti
- Sponsorluqların artması
Güclü şəxsi brendə sahib olan idmançılar markalar tərəfindən yüksək dəyərləndirilir və hər zaman ən yaxşı sponsorluq gəlirləri ilə seçilirlər. Bu əməkdaşlıqlar onlara yalnız maliyyə baxımından dəstək olmur, eyni zamanda idmaçıların daha geniş auditoriyaya çatmasına kömək edir. Məsələn, Rafael Nadal və Rocer Federer kimi tennis ulduzlarının şəxsi brendlərinin gücü hesabına əldə etdiklər kommersiya gəlirləri, heç də turnirlər zamanı qalib gəldikləri halda qazandıqları böyük pul mükafatlarından geri qalmır.
- Reklam layihələri
İdmançılar, şəxsi brendini formalaşdırmaqla artıq ictimai fikrə təsir göstərən fərd olaraq insanların diqqətini çəkmək istəyən markaların reklamlarında rol alırlar. Həmçinin müxtəlif təqdimatlara, konfranslara, tədbirlərə, layihələrə fəxri qonaq və ya çıxışçı kimi dəvət olunurlar. Təbii ki, bunların da qarşılığında müəyyən qonorarlar qazanırlar.
4. Uğursuz yanaşma
Bir idmançı şəxsi brendini düzgün idarə etmədikdə, bu onun karyerasını və gələcəyinə böyük ziyan vura bilər. Markalaşmanın əhəmiyyəti o qədər böyükdür ki, kiçik bir səhv belə ciddi nəticələrə yol aça bilər və onun bərpası da çox böyük əmək tələb edir. Misal üçün daha sonra vəziyyəti toparlaya bilsə də Tayqer Vudsun şəxsi həyatındakı qalmaqallar onun imicinə böyük ziyan vurmuşdu. Lakin, şəxsi brendləşmənin doğru idarə olunması, karyeranın davamlı və uğurlu olması üçün vacibdir.
Şəxsi brendi düzgün qurmaq və inkişaf etdirmək, idmançılara karyeralarında daha çox uğur və uzun müddətli maliyyə qazancı gətirə bilər. Eyni zamanda, yaxşı idarə olunan şəxsi brendləşmə idmançılara daha çox azarkeş və nüfuz qazanmaq imkanı yaradır. Bu səbəbdən, şəxsi brendin formalaşdırılması idmançılar üçün bu gün və gələcək üçün əsas strateji amillərdən biri olmalıdır.
Müəllif: Rəfiqə Əziz